Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.
Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.
Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin - monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.
Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də - onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.
Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması "Sirlər xəzinəsi"ndən (1174) başlamış son əsəri "İskəndərnamə"yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.
"Xosrov və Şirin" (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi - İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını "həvəsnamə" kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü "Xəmsə" silsiləsinin üçüncü əsəri olan "Leyli və Məcnun"da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları - insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən "məcnun" (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.
Nizaminin son poemaları olan "Yeddi gözəl" (1197) və "İskəndərnamə" (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan ("Xosrov və Şirin") Bəhram Gura ("Yeddi gözəl") və İskəndərə ("İskəndərnamə") doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə "İqbalnamə"də ("İskəndərnamə"nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.
Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur